«MDB-nin mədəniyyət paytaxtları-2013» dövlətlərarası proqramının təntənəli açılışı və Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikatın təqdim edilməsi mərasimi olmuşdur

 

MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun ötən il oktyabrın 15-dən 17-dək Aşqabadda keçirilmiş birgə iclasında qəbul edilən qərara əsasən, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdur.

AzərTAc xəbər verir ki, bununla əlaqədar iyunun 29-da  Qəbələdə "MDB-nin mədəniyyət paytaxtları-2013" dövlətlərarası proqramının təntənəli açılış mərasimi olmuşdur.

 Tədbir iştirakçıları əvvəlcə Qəbələ şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra yeni istifadəyə verilmiş Qəbələ Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanışlıq olmuşdur.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu qonaqları salamlamış,  mərasimdə 10-dan çox ölkənin nüfuzlu rəsmi nümayəndəsinin iştirak etdiyini demişdir.

 Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbriklərini çatdıran səfir Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası  Fondun yaranması və fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, Fond MDB məkanında humanitar əməkdaşlığın genişlənməsinə təkan verir. Coğrafi cəhətdən MDB ölkələri xalqlarının uzun illər boyu bir yerdə yaşadığı üçün mədəniyyətlərimiz arasında fəal dialoqun olduğunu qeyd edən Polad Bülbüloğlu, Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsindən danışmışdır.

 Qəbələnin beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi etdiyini deyən diplomat, Azərbaycanın bu qədim şəhərinin beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bütün bu tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarının da sürətlə inkişaf etdiyini  bir daha təsdiqləyir. Səfir Azərbaycan dövlətinin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkədə mədəniyyət və incəsənət sahələrinin inkişafına göstərdiyi diqqətdən danışmışdır.

Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin MDB ölkələrinin xalqları arasındakı əməkdaşlığın inkişafında əvəzolunmaz rolunu da qeyd etmişdir.

 Tacikistanın mədəniyyət nazirinin birinci müavini Mirəli Dostiyev, Qırğız Respublikasının Prezidenti Aparatının eksperti Zayırbek Erqeşov, Moldovanın Mədəniyyət Nazirliyinin "Moldova-Konsert" Milli-Mədəni Mərkəzinin sədri Valentin Qoqa tədbirin yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlıqlarını bildirmişlər. Azərbaycanda beynəlxalq mədəni tədbirlərin yüksək səviyyədə keçirildiyini deyən qonaqlar Bakının sürətlə inkişaf etdiyinibu inkişafın onlarda məmnunluq hissi doğurduğunu, eyni zamanda Qəbələdə olduqları müddətdə vaxtlarının çox səmərəli və maraqlı keçdiyini vurğulamışlar.

Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edən Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç və Rusiyanın Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə bölməsinin rəhbəri Anton Nazarov Qəbələdə yüksək qonaqpərvərliklə  qarşılaşdıqlarını məmnunluqla söyləmişlər. Onlar Azərbaycanda həyata keçirilən məqsədyönlü regional siyasətin çox uğurlu olduğunu demişlər.

Sonra Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikatın təqdim edilməsi mərasimi olmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələnin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı qərarın ötən il dekabrın 5-də qəbul edildiyini bildirmiş, bu şəhərin mədəniyyət paytaxtı seçilməsində əməyi olanlara minnətdarlıq etmişdir. Vurğulamışdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun  İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələdə dünya əhəmiyyətli mədəni tədbirlər keçirilmişdir.

 Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Qəbələ öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir.

Mərasimdə Müstəqil Dövlətlər Birliyi  İcraiyyə Komitəsi sədrinin müavini Toktasın Buzubaev  MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin təbrik məktubunu oxumuşdur.

Məktubda bildirilir ki, Qəbələyə bu adın verilməsi təsadüfi deyildir. Burada incəsənətin gözəlliyi ilə təbiətin gözəlliyi vəhdət təşkil edir. Toktasın Buzubaev burada keçirilən mədəni tədbirlərin nəinki MDB, eləcə də dünya mədəni irsinə töhfələr verdiyini demişdir.

Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskinin təbrik məktubunu isə bu ölkənin Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə bölməsinin rəhbəri Anton Nazarov oxumuşdur.

Məktubda bildirilir ki, Qəbələnin bu ada layiq görülməsi şəhərin zəngin mədəniyyəti və tarixi ilə bağlıdır.

Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu Qəbələnin MDB şəhərləri arasında mədəniyyət paytaxtı seçilməsi  təqdirəlayiq hesab etmişdir. Səfir bununla bağlı ilin sonunadək Qəbələdə müxtəlif mədəni tədbirlərin keçiriləcəyini qeyd etmişdir.

Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikat rayon icra hakimiyyətinin başçısına təqdim olunmuşdur.

Mərasimin sonunda Qəbələ Mədəniyyət Mərkəzində MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə maraqlı konsert proqramı təşkil olunmuşdur.

 

Azərbaycan.-2013.- 30 iyun.- S.6.